#İtirdiyimizQızlar

Fərəhləri, Sevincləri, İradələri itirməyək!

Sırf qız olduqları üçün yaşamaq haqlarını əllərindən almayaq!

Azərbaycanda hər il yüzlərlə qız uşağı dünyaya gəlmək imkanından məhrum edilir. Oğlan uşaqlarının sayında artım bu templə davam edərsə, biz tezliklə təhsil, əmək bazarı və digər bütün sahələrdə gender bərabərsizliyinin doğurduğu mənfi fəsadlarla üzləşəcəyik.

Ölkəmiz üçün kəskin əhəmiyyət daşıyan bu məsələyə dair bəzi məlumatlar aşağıda qeyd edilir.

Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12000-15000 nəfər çox olacaq. Qeyd etmək istərdik ki, Azərbaycan doğulan uşaqlar arasında cins nisbətinin pozulması üzrə göstəricilərə görə Çindən sonra ikinci yerdədir.

1990-cı illərin əvvəllərinə qədər Azərbaycanda doğulan uşaqların cins nisbəti hər 100 qız uşağına 102-106 oğlan uşağı olmaqla əsas etibarilə bioloji normaya uyğun idi. Dövlət Statistika Komitəsinin məlumatına görə, sonradan bu nisbət oğlan uşaqlarının xeyrinə dəyişməyə başladı.

Cins nisbətinin pozulması – cinsə görə ayrı-seçkiliyin təzahürüdür.

BMT-nin Əhali Fondu hesab edir ki, dünyaya gələn uşaqlar arasında cinsə görə nisbətinin pozulması qızlara və qadınlara qarşı ayrı-seçkilik və onların hüquqlarının pozulmasının göstəricisidir və bu qəbuledilməzdir.

Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnir. Bu da öz növbəsində cinayətkarlıq statistikasının artması, zorakı davranış hallarının geniş yayılması, gəlin qaçırma, insan alveri, erkən nikahlar kimi bir sıra mənfi hallara gətirib çıxarır.

Oğlan uşaqlarına
üstünlük verilir, çünki:
  • “Oğul ailənin, soyadın və nəslin davamçısıdır”
  • “Oğul vətən üçün əsgərdir, vətənin qoruyucusudur”
  • “Oğul həmişə dayaqdır, ailənin qorunması üçün lazımdır”
  • “Oğlan uşaqlarının çoxluğu Allahın sevincidir”
  • “Oğlan uşağı ailə üçün vacibdir, nüfuzdur, şərəfdir”
  • “Kişinin oğlu olar”
  • “Oğul valideynlərinin cənazəsini çiyinlərində aparır”
  • “Ailə mirası kişi xətti ilə ötürülür”
  • “Oğul düşmən çəpəridir.” və s.
Qız uşaqlarına
daha az dəyər verilir, çünki:
  • “Qız köçəri quşdur”
  • “Qız yükü, duz yükü”
  • “Qızın var, dərdin var”
  • “Qız övladı ər evinə məxsusdur”
  • “Qızlar ailə qurur və ata evini tərk edir”
  • “Qız böyütməyin xərci çoxdur”
  • “Qız övladına cehiz verməlisən”
  • Qızın barədə həmişə narahat olursan”
  • “Qız uşağı ailə iyerarxiyasının ən aşağı pilləsində yerləşir” və s.
Əlavə məlumat

“Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın (IMAGES) nəticələri üzrə Hesabat”. UNFPA/AQUPDK, 2018 Bakı, Azərbaycan

Ətraflı (Az) Ətraflı (En)

Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat. UNFPA Azerbaijan, 2018

Ətraflı (Az) Ətraflı (En)

AZƏRBAYCANDA QADINLAR VƏ KİŞİLƏR, rəsmi statistik məcmuə. 2018

Yüklə